
28 fevral 2026-cı il tarixində keçirilən “Azeri Business Award 2025” Milli Mükafatının təqdimat mərasimində ölkənin aparıcı şirkətləri arasında “VS Enerji Servis” MMC də yer aldı. Şirkət elektrik təchizatı işləri, elektrik qurğularının istehsalı və quraşdırılması sahəsində əldə etdiyi yüksək nəticələrə görə mükafata layiq görüldü.
Tədbirdə şirkətin təsisçiləri - Səyavuş Yusifov və Vəfadar Hacıyev də iştirak edərək kollektivin uğurunu bölüşdülər. Bu mükafat uzun illərin zəhmətinin, peşəkarlığın və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi kimi dəyərləndirilir.
2011-ci ildə təsis edilən “VS Enerji Servis” MMC qısa müddətdə enerji sektorunda etibarlı tərəfdaş kimi tanınıb. Şirkət yarandığı gündən etibarən keyfiyyət, təhlükəsizlik və texniki standartlara ciddi əməl etməklə fəaliyyətini genişləndirib. Bu gün müəssisə həm özəl sifarişlər, həm də dövlət əhəmiyyətli iri layihələr üzrə uğurla çalışır.
Şirkət Fövqəladə Hallar Nazirliyinin obyektlərində təmir-tikinti işləri aparmaq, sənaye müəssisələri və yaşayış kompleksləri üçün elektrik enerjisi təchizatı şəbəkələri qurmaq üçün müvafiq lisenziyalara malikdir. İcra olunan layihələrdə məsuliyyətli yanaşma və yüksək texniki təminat əsas prioritet kimi müəyyən edilib.
“VS Enerji Servis” MMC tərəfindən həyata keçirilən işlər geniş spektri əhatə edir:
6/10 kV və 35 kV yuvalarının yığılması
Komplekt transformator məntəqələrinin hazırlanması və quraşdırılması
35/10 kV və 0,4 kV hava xətlərinin dayaqlarının yığılması
35 kV və 10 kV komplekt paylayıcı qurğuların montajı
Güc transformatorlarının (35/10 kV) təmiri
Müxtəlif ölçülərdə beton piltə və quyuların istehsalı
Sayğac qutuları və paylayıcı panellərin hazırlanması
Bu işlər yüksək mühəndislik dəqiqliyi və müasir texnologiyaların tətbiqi ilə icra olunur.
Son on il ərzində şirkət ölkənin müxtəlif bölgələrində yüzlərlə layihəyə imza atıb.
Sabirabad və İmişli rayonlarında yüksək gərginlikli elektrik xətləri çəkilmiş, Şəki şəhərində “Azəripək” MMC-yə məxsus istehsalat sahəsi yenidən qurulmuşdur. Bundan əlavə, Lənkəran, Biləsuvar, Abşeron, Qusar, Quba, Şamaxı, Göygöl, Balakən və Samux rayonlarında sosial obyektlərin, məktəblərin və yaşayış komplekslərinin elektrik şəbəkələri qurulmuşdur.
Ağcabədi rayonunda pambıq emalı zavodunda, Bərdə rayonunda isə peşə liseyində yüksək gərginlikli işıqlandırma sistemləri quraşdırılmışdır. Bu layihələr regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verib.
Şirkətin son illərdə icra etdiyi ən mühüm layihələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilib.
Şuşa və Xankəndi şəhərlərində yaşayış və sosial obyektlərin elektrik təchizatı şəbəkələri qurulub. Laçın rayonunda enerji xətləri istismara verilib, Ağdam ərazisində yüksək gərginlikli elektrik veriliş xətləri çəkilib.
Eyni zamanda, Xocalı və Cəbrayıl rayonlarında enerji infrastrukturu bərpa olunub. Bu işlər bölgənin dayanıqlı enerji təminatına və yenidən qurulmasına xidmət edir.
“VS Enerji Servis” MMC qardaş Türkiyə ilə də əməkdaşlıq əlaqələrini genişləndirib və birgə layihələr həyata keçirib. Nəticədə ortaq müəssisə - “EPS Grupo Electric Pano Manufacturing Industry Tic. LTD” təsis olunub.
Şirkət sosial məsuliyyət prinsiplərinə də sadiqdir. 44 günlük Vətən müharibəsi dövründə orduya göstərilən dəstək, şəhid ailələrinə və qazilərə edilən yardımlar kollektivin və rəhbərliyin vətəndaş mövqeyini nümayiş etdirir.
Müasir texnologiyaların tətbiqi, keyfiyyətə nəzarət və peşəkar kadr potensialı “VS Enerji Servis” MMC-nin əsas üstünlükləridir. “Azeri Business Award 2025” Milli Mükafatı da məhz bu davamlı və məqsədyönlü fəaliyyətin nəticəsi kimi qiymətləndirilir.
Şirkət qarşıdakı illərdə də Azərbaycanın enerji infrastrukturunun inkişafında fəal iştirak etməyi və əldə etdiyi uğur xəttini davam etdirməyi hədəfləyir.